Hüseyn Cavidin dostu, Mirzə Cəlilin məhlə uşağı...
Hüseyn Cavidin dostu, Mirzə Cəlilin məhlə uşağı... Ulu babam, yəni anamın babası Qulamhüseyn adında bir kişi imiş. Papaqçı Qulamhüseyn! Papaqçılıq o dövrlərdə yaxşı sənət sayılıb, papaqçılara bütün kişilərin işi düşər, çünki kişilər o vaxt papaq taxarmışlar. Amma babamın ondan da yaxşı istedadları var idi. Yaddaşı (məndə olmayan şey) və ədəbiyyata olan marağı (bu məndə var). İstənilən şeiri, istənilən mətni bir dəfə eşitməklə əzbərində saxlayırmış. Nəqlçi idi Qulamhüseyn baba. Anam danışırdı ki, gecə bütün məhlə şam işığında yığılarmış, baba əhvalat danışmağa başlayar, bir də baxarlarmış ki, səhər açılıb, sübh vaxtı hamı yatmağa gedib, axşamı əhvalatın davamına gələrlərmiş. Özü içən olsa da, ləqəbi İmam idi. Şahab məhləsinin uşaqları onu çox istəyirmiş, çünki işdən gələndə həmişə cibində noğul, kişmişlə gəlib uşaqlara paylayarmış. Deyirlər, Sovet hakimiyyəti təzə qurulanda Qulamhüseyn babanı hakim qoyublar, o da ürəyiyumşaqlığından hamını bağışlayıb, tez də işdən çıxardıblar. Qulamhüseyn kişi Cəlil Məmmədquluzadə ilə məhlə uşağı, Hüseyn Cavidlə dost olub ("kruq"-a bax da sən). Ədəbiyyatşünas Məmməd Cəfərə isə Şərq nağılları, klassik ədəbiyyat öyrədib. Məmməd Cəfər öz xatirələrində də yazıb ki: “…Zəhra xaladan sonra kor Adıgözəllə papaqçı Qulamhüseyn mənim ədəbiyyat müəllimlərim idi”. (Google-da Papaqçı Qulamhüseyn yazsanız məqaləni tapa bilərsiniz). Mirzə Cəlillə bağlı heç bir xatirənin olmamasından belə başa düşürəm ki, ya araları olmayıb, ya babam onun yazdıqlarını bəyənməyib, amma deyirlər, Cavid gəncliyində yazdığı şeirləri ilk ulu babama oxuyarmış (kişi ölənə qədər həmin şeirləri əzbər bilirmiş). Hətta deyirlər, Cavid sürgündə olanda ordakı Azərbaycanlılardan kiməsə deyib ki, Naxçıvanda Papaqçı Qulamhüseyni tapıb, onunla danışın. İkinci Dünya müharibəsi vaxtı bir neçə nəfər gəlib, ulu babamı tapıb, onlar harasa gediblər və babam evə bir də üç-dörd gündən sonra qayıdıb. Qulamhüseyn baba evdə o haqda heç nə danışmayıb. Ölümünə yaxın isə Bəxtiyar Vahabzadə də Naxçıvana gəlib, 20 günə qədər onun evində yaşayıb və dediklərini diktofona yazıb. Danışırlar ki, babam ictimai hamamda (o vaxt evlərdə hamam olmurdu) oturub, konyak içə-içə şeir deyirmiş, Bəxtiyar Vahabzadə isə əynini də çıxartmadan, sadəcə şalvarının balaqlarını çirmələyib, hamamda da qeydlər aparırmış. Başqa şairlər və ədəbiyyatçılar da kişinin yanında olub, amma onların adları qohumlarımın yadında qalmayıb. 2016-2017-ci ildə isə Bakıdan rəsmi geyimli bir nəfər Naxçıvana gəlib, Mamed əminin çayçısında (Naxçıvanlılar çayxanaya çayçı deyilər) soruşub ki, Papaqçı Qulamhüseynin nəslindən kimsə qalıb indi? Təsadüfən dayım orda olub. Həmin adama deyiblər ki, nəvəsi Hüseyn burdadır. O da dayıma yaxınlaşıb, soruşub ki: Babanda bir əmanət olmalı idi, bilmirsən o hardadır? Dayım da bilməyib söhbət nədən gedir, amma deyib ki, evdə babasının dəftəri var imiş, onu da uzaq bir qohumumuz aparıb. Kişi həmin qohumun nömrəsini alıb və gedib. Bu yaxınlarda həmin qohumuzdan əhvalatı dedim soruşsunlar, o da dedi ki, belə bir şey yadına gəlmir (məncə danışmaq istəmir). O insanların çoxu indi dünyadan köçüb, amma sirləri bu dünyada qalıb. Babam Sovet vaxtı olduğu üçün evdəkiləri təhlükəyə atmamaq üçün onlara heç nə danışmayıb. Görəsən, ulu babam Cavid haqqında nələri bilirmiş? İkinci Dünya Müharibəsi vaxtı gələn o adamlar o kişidən nə öyərniblər? Bəxtiyar Vahabzadənin yazdığı o səslər hardadır? Bakıdan gələn rəsmi geyimli adam nə axtarırmış və axtardığını tapdımı? Yenə də həmişəki kimi sual cavabdan çoxdur...
// Şərhlər
// Şərh yazın