Sudan baha, qalan hər şeydən ucuz...
Sudan baha, qalan hər şeydən ucuz... 22-23 yaşlarımızda şəhərin mərkəzinə yavaş-yavaş ayaq açmağa başlamışdıq (Özüm Rəsulzadə qəsəbəsində böyümüşəm). Nizami kinoteatrının yanında bir karaoke klub var idi, 5-6 dost yığılıb gəlirdik orda mahnı oxumağa. Əslində Şaban salmışdı bizi bu əyləncəyə. Əsasən də özü oxuyurdu, biz də züy tuturduq. Hər stola mikrofon üç mahnılıq verilirdi və hər mahnıya görə əlavə pul alınırdı səhv etmirəmsə. Ona görə də mahnı seçimi uğrunda əməlli müzakirələr gedirdi ki, hansı mahnını oxusaq başqa stollarda oturan xanımları daha çox feyziyab eləyə bilərik. Hesab da qardaş malı kimi aramızda bölünürdü. Bir dəfə dostumuz Pumba (əsl adı Turaldır, sadəcə "Kral Şir" filmindəki məşhur personaja oxşayırdı) etiraz da elədi ki, bu nədi e, bir dənə Rafaello yedim, 2 dəfə "Искала" dedim (Zemfiranın mahnısını nəzərdə tutur), 6 manat pulumu alırsız. 6 manat indi sizə az gələ bilər, amma 2008-2009-cu illərdə tələbə olanlar üçün əməlli pul idi. Hə, bir də bizim pulumuz həmişə az idi. Amma əylənmək də istəyirdik. Ona görə həmin karaoke kluba gedib, həmişə içməyə eyni şeyi sifariş eləyirdik. Tonik! (Sarı dəmir qabda həmin o Tonic). Dadı zəqqutum kimi, heç bir zövq də vermirdi. Niyə sifariş eləyirdik?! Çünki o yeganə içki idi ki, sudan baha, qalan bütün içkilərdən ucuz idi. Amma özümüzü elə aparırdıq ki, guya biz Tonik bazlarıyıq. Elə əminliklə içirdik, elə bil Amerika kinolarındakı zalım adam viski içir. Ofissianta elə rahatlıqla "hərəyə bir dənə tonik" deyirdik, deyərsən şirinçay əvəzinə toniklə böyümüşük. İllərdir tonik içmirəm. Bundan sonra da çətin ürəyim istəsin. Karaoke də oxumuram. Ən pisi odur ki, o dostlarla da əvvəlki kimi hər gün görüşmürük. İldə bir ya da iki dəfə. Həyat da indi həmin Tonikin dadını verir...
// Şərhlər
// Şərh yazın