Səhnə arxası

Bloq "Odissey" filmi haqqında.
Bloq 28 sen 2026

"Odissey" filmi haqqında.

Diqqət spoiler! Odissey axırda evinə qayıda biləcək. (21-ci əsrdə Odisseydən spoiler yeyən varsa öz günahıdır məncə) İlk dəqiqələrdən mən də konservativ yanaşdım məsələyə. Bu nə geyimlərdir? Bu nə aktyor heyətidir? Hindli aktyor niyə Yunanı oynayır? Matt Daymondan Odissey olar?! Hollywood bu oğraşı evə qaytarmaq üçün hələ nə qədər pul xərcləyəcək?! Elə əsəbləşdim elə bil Homer Dədəm Qorquddur, İlliada və Odissey də Kitabı. Sonra fikirləşdim ki, sən niyə Yunan mədəniyyətinin təəssübünü belə çəkirsən?! Sən kimsən axı?! Lap sonra yadıma düşdü ki, mən heç İlliadanı və Odisseyi də oxumamışam, yalnız filmlərdən görmüşəm. Ondan sonra filmə rahat baxmağa başladım və sehrinə düşdüm. Bir də baxdım film qurtarıb. Və mən kədərliyəm. Musiqi isə beynimdən çıxmır. Filmdən qalan hisslər isə canımdan... Filmi bəyənməyənlər də çoxdur. Çoxu da filmin orijinal mətndən uzaq olduğunu deyir. Amma məncə film heç buna iddia da eləməyib. Filmin beynəlmiləl aktyor heyəti də rejissor qərarının bir parçasıdır. Çünki film Qədim Yunanıstanı yox bütün dövrlərdən keçib indiyə qədər gəlmiş Yunan mifinin ekran həllidir. O personajların əyninə müasir hərbi geyim geyindirsən bu İraqdan qayıdan Amerika əsgərləri olacaq. Bəlkə də Odisseyin 7 il yediyi və ona keçmişi unutduran lotos gülü anti-depressant imiş. Onun iztirabların müharibədən sonra yaşanana Posttravmatik Stress Pozuntusu olmadığını hardan bilə bilərik?! Elə miflərin də gücü bundadır. Bütün zamanlara və insanlara aid ola bilməsi. İnsanlığın ilk böyük bicliyi və xəyanətidir bəlkə də Troya atı. Başqa insanların inancından istifadə edib, onları öldürmək strategiyasının yarandığı an. O vaxt insanlar Zevsin qonaqpərvərlik haqqında qaydasını pozdular. Qonaq gedilən ev də, gələn qonaq da müqəddəs sayılmadı həmin gündən sonra. Troya müharibəsindən sonra Yunanıstan tarixində qaranlıq dövr başladı. İnsanlar başa düşdü ki, belə eləmək olar. Və bəyük mədəniyyət məhv olmağa başladı. Yazı yoxa çıxdı. Homer Odisseyi yazana qədər qaranlıq dövr davam etdi. Beş əsr çəkdi bu! İndi də insanlar başqa insanları məhv etmək üçün belə strategiyalar qurur. İndi də müharibəni udmaq üçün "Troya atları" düzəldilir. Dünyanın harasındasa hansısa başqa Odissey müharibədən evə qayıtmağa çalışır. Bəlkə də insanlıq tarixində növbəti Qaranlıq dövr başlayır. Bunu zaman göstərəcək. Nolanın filmi də bu haqda idi məncə...

Bloq "Bəlkə də..." filmini (o vaxt adı "Heyif" idi) yazmağa başlayanda hələ heç bir filmə çəkilməmiş, heç nə çəkməmiş və heç nə yazmamışdım. Onda hələ Nardakı dostlarım - Rüstəm və İbrahimlə toylar üçün "love story"-lər çəkib, azdan-çoxdan qazanırdıq. Amma Love story çəkməyi elə də xoşlamırdım, çünki videoya baxanda əvvəldən bilirsən ki, axırda qovuşacaqlar. Nə dram var, nə konflikt.
Bloq 28 sen 2026

"Bəlkə də..." filmini (o vaxt adı "Heyif" idi) yazmağa başlayanda hələ heç bir filmə çəkilməmiş, heç nə çəkməmiş və heç nə yazmamışdım. Onda hələ Nardakı dostlarım - Rüstəm və İbrahimlə toylar üçün "love story"-lər çəkib, azdan-çoxdan qazanırdıq. Amma Love story çəkməyi elə də xoşlamırdım, çünki videoya baxanda əvvəldən bilirsən ki, axırda qovuşacaqlar. Nə dram var, nə konflikt.

"Bəlkə də..."-nin sadə bir ideyadan başlamışdı. Zaman maşını düzəldən adamın evinə ruhlar gəlsə nə baş verər?! Fantastika və mistika bir filmdə necə olar? Ümumən isə peşmanlıq haqqında idi ssenari. Zaman-zaman bu ssenariyə qayıdıb, orasını-burasını qurtdalayıb, yenə qoyurdum qırağa. Və bu vaxt ərzində atamı itirdim. Ölümün belə gözlənilməz olduğunu bilmirdim onda. Atamla keçirmədiyim vaxtın, eləmədiyim söhbətlərin peşmanlığını elə yaşamağa başladım ki, ssenaridəki ruhlar qədər peşman oldum. Baş qəhrəmanın keçmişə qayıtmağa əsas səbəbi yarandı - qayıdıb atası ilə vaxt keçirmək! Ssenarini zaman-zaman yaza-yaza qısa-qısa videolar çəkdim, filmlərə çəkildim, başqa ssenarilər yazdım və başqa film çəkdim. Bir gün yenə qayıdıb "Bəlkə də..."-ni oxuyanda fikirləşdim ki, artıq vaxtı çatıb. Prodüser Nicat Xəlilova yığdım, o dəqiqə dedi çəkək. Təəcübləndim! Bir neçə il əvvəl o bu filmdən imtina eləmişdi. Amma həmin gün o bir nəfərlə danışanda zaman maşını haqqında danışıblar, o adam da deyib ki, zaman maşını olsa qayıdıb Avstriyalı rəssamı universitetə qəbul elətdirərdi, bu cümlə mənim ssenarimdə də var idi deyə Nicatın yadına "Bəlkə də..." düşüb, üstündən 10 dəqiqə sonra mən zəng eləmişəm ki, bəlkə "Bəlkə də..."-ni çəkək?! O bu təsadüfü işarə kimi qəbul eləyib, razılıq verdi. Beləliklə prosses başladı, aktyorlar yığıldı, sponsorlar axtarıldı, məkanlar seçildi, qısaca çəkilişlərə hazırlaşdıq. Bu vaxt ərzində anam da bizi tərk eləyib, ssenariyə köçdü... Çox çətin, qarışıq çəkiliş prossesi oldu, Azərbaycanın ən küləki günündə Qobustanda çəkilişlər etdik, deyilən vaxtda kinoteatra çıxmaq üçün gecə-gündüz montajda olduq, kinoteatrlara çıxdıq, ssenariyə görə bir mükafat aldıq və pis-yaxşı filmi ərsəyə gətirdik. Məncə müəllif öz filmi haqqında danışmamalıdır. Mən də filmin özü haqqında heç nə demək istəmirəm. Bunu tamaşaçı deməlidir. Mənim üçün film nə qədər şəxsi və əziz olsa da, nəticədə o tamaşaçı üçündür. Linki şərhə atıram, ordan baxa bilərsiniz. Mənim filmə qiymət verə bilməyim üçün bir az vaxta ehtiyacım var. Bəlkə də illər sonra deyəcəm ki, kaş bu filmi çəkməzdim, ya da sevinəcəm ki, yaxşı ki bu filmi çəkdim. Bilmirəm! Onu bilirəm ki, "bəlkə də..." deməyə həmişə bir səbəbimiz olacaq...