“Bəlkə də...” filminin hekayəsi
"Bəlkə də..." filmini (o vaxt adı "Heyif" idi) yazmağa başlayanda hələ heç bir filmə çəkilməmiş, heç nə çəkməmiş və heç nə yazmamışdım. Onda hələ Nardakı dostlarım - Rüstəm və İbrahimlə toylar üçün "love story"-lər çəkib, azdan-çoxdan qazanırdıq. Amma Love story çəkməyi elə də xoşlamırdım, çünki videoya baxanda əvvəldən bilirsən ki, axırda qovuşacaqlar. Nə dram var, nə konflikt. "Bəlkə də..."-nin sadə bir ideyadan başlamışdı. Zaman maşını düzəldən adamın evinə ruhlar gəlsə nə baş verər?! Fantastika və mistika bir filmdə necə olar? Ümumən isə peşmanlıq haqqında idi ssenari. Zaman-zaman bu ssenariyə qayıdıb, orasını-burasını qurtdalayıb, yenə qoyurdum qırağa. Və bu vaxt ərzində atamı itirdim. Ölümün belə gözlənilməz olduğunu bilmirdim onda. Atamla keçirmədiyim vaxtın, eləmədiyim söhbətlərin peşmanlığını elə yaşamağa başladım ki, ssenaridəki ruhlar qədər peşman oldum. Baş qəhrəmanın keçmişə qayıtmağa əsas səbəbi yarandı - qayıdıb atası ilə vaxt keçirmək! Ssenarini zaman-zaman yaza-yaza qısa-qısa videolar çəkdim, filmlərə çəkildim, başqa ssenarilər yazdım və başqa film çəkdim. Bir gün yenə qayıdıb "Bəlkə də..."-ni oxuyanda fikirləşdim ki, artıq vaxtı çatıb. Prodüser Nicat Xəlilova yığdım, o dəqiqə dedi çəkək. Təəcübləndim! Bir neçə il əvvəl o bu filmdən imtina eləmişdi. Amma həmin gün o bir nəfərlə danışanda zaman maşını haqqında danışıblar, o adam da deyib ki, zaman maşını olsa qayıdıb Avstriyalı rəssamı universitetə qəbul elətdirərdi, bu cümlə mənim ssenarimdə də var idi deyə Nicatın yadına "Bəlkə də..." düşüb, üstündən 10 dəqiqə sonra mən zəng eləmişəm ki, bəlkə "Bəlkə də..."-ni çəkək?! O bu təsadüfü işarə kimi qəbul eləyib, razılıq verdi. Beləliklə prosses başladı, aktyorlar yığıldı, sponsorlar axtarıldı, məkanlar seçildi, qısaca çəkilişlərə hazırlaşdıq. Bu vaxt ərzində anam da bizi tərk eləyib, ssenariyə köçdü... Çox çətin, qarışıq çəkiliş prossesi oldu, Azərbaycanın ən küləki günündə Qobustanda çəkilişlər etdik, deyilən vaxtda kinoteatra çıxmaq üçün gecə-gündüz montajda olduq, kinoteatrlara çıxdıq, ssenariyə görə bir mükafat aldıq və pis-yaxşı filmi ərsəyə gətirdik. Məncə müəllif öz filmi haqqında danışmamalıdır. Mən də filmin özü haqqında heç nə demək istəmirəm. Bunu tamaşaçı deməlidir. Mənim üçün film nə qədər şəxsi və əziz olsa da, nəticədə o tamaşaçı üçündür. Linki şərhə atıram, ordan baxa bilərsiniz. Mənim filmə qiymət verə bilməyim üçün bir az vaxta ehtiyacım var. Bəlkə də illər sonra deyəcəm ki, kaş bu filmi çəkməzdim, ya da sevinəcəm ki, yaxşı ki bu filmi çəkdim. Bilmirəm! Onu bilirəm ki, "bəlkə də..." deməyə həmişə bir səbəbimiz olacaq...
// Şərhlər
// Şərh yazın